01.10.2024
QAFQAZ ALBANİYASI VƏ QARABAĞ


Qafqaz Albaniyası bugünkü Dağıstan və Cənubi Qafqaz regionunun müəyyən hissəsini əhatə edən ən qədim dövlətlərdən biri kimi eramızdan əvvəl IV-III əsrlərdə alban tayfalarının ittifaqı tərəfindən əsası qoyulmuşdur. Müxtəlif tayfaların məskunlaşma ərazisi sayılan Qafqaz Albaniyası eramızın VIII əsrinə qədər öz mövcudluğunu qorumuşdur. Antik dövrün yunan tarixçi və coğrafiyaçısı Strabon, Roma tarixçisi Böyük Plini və coğrafiyaşünası Pomponi Melanın əsərlərində yer alan sözügedən ərazinin tərkibinə Qarabağ da daxil idi. Atropatena hakimləri ilə münasibətlər əsasən, “metropoliya”dan uzaqlıq səbəbindən olduqca zəif səciyyə daşısa da, alban çarları ilə qarabağlıları möhkəm vassallıq əlaqələri bağlayırdı. Həmin əlaqələr hərbi yürüşlərdə qurulur, çar əyanları ilə qohumluq vasitəsilə qorunub saxlanılır və vahid din hesabına möhkəmlənirdi. Alban mənşəli qarabağlılar üçün olduqca doğma hesab edilən Qafqaz Albaniyasının ikinci paytaxtı məhz onların torpağında yerləşirdi. Qarabağ mərkəzi hissə olmaqla yanaşı, həm də dini və mədəni mərkəz hesab olunurdu. Belə ki, alban çarı Urnayr 314-cü ildə xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra burada çoxsaylı kilsə və məbədlər inşa edildi. Həmin kilsələrdən dini mərkəz hesab edilən Ağdərə rayonunda yerləşən Gəncəsər kilsəsi, Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksi və Ağdam rayonunda yerləşən Gavurqala kilsəsi ən bariz nümunələr arasında yer alır. Bu abidələr Albaniya mədəniyyətinin Qarabağda dərin iz buraxdığını açıq şəkildə sübut edir.

Albaniya dövründə Qarabağın sosial-iqtisadi və ticarət həyatı xeyli inkişaf etmişdir. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı və maldarlıq olan sözügedən ərazinin düzənliklərində yollar kəsişirdi, çayların üzərindən körpülər salınmışdı, strateji aşırımlarda isə gözətçi qüllələri ucaldılmışdı. Bölgə, həmçinin, İpək Yolunun keçdiyi marşrutlardan biri olduğundan Qafqaz Albaniyasının ticarət və iqtisadi əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Bundan başqa, Qarabağda hərbi-fiziki hazırlığın inkişafı VII əsrin əvvəllərinə, qüdrətli alban hökmdarı Cavanşirin dövrünə təsadüf edir. Onun sarayında fiziki tərbiyə üzrə müxtəlif növlü  idman hərəkətləri qılınc oynatma, nizə atma, ox atma, qaçış, güləş, yumruq döyüşü və s. məşğələləri fəaliyyət göstərirdi.

Qafqaz Albaniyasının müstəqilliyinə 703-cü ildə ərəblər tərəfindən tamamilə son qoyulmasına baxmayaraq, Qarabağ XIII əsrə qədər alban knyazlarının hakimiyyəti altında qalmışdır. Əsasən, VI-X əsrlərdə alban knyazlıqları yerli idarəetməni və hərbi təşkilatlanmanı həyata keçirirdilər. Alban dövlətçiliyinin təsirli olduğu knyazlıqların Xəzərlər, Sasani, Bizans və ərəb xilafətləri ilə daimi əlaqələri olmuşdur. Gülüstan knyazlığı VI-XI əsrlərdə Qafqaz Albaniyası ərazisi və Qarabağın şimal hissəsini əhatə etmişdir. Knyazlığın mərkəzi müasir Azərbaycanın Goranboy rayonunda yerləşən Gülüstan qalası olmuşdur. Hərbi baxımdan strateji bölgə olan Gülüstan ərəb xilafətinin genişlənməsi və X əsrdə Səlcuq türklərinin regiona gəlişi ilə zəifləməsinə baxmayaraq, mühüm siyasi və mədəni mərkəz sayılmışdır. Çiləbörd knyazlığı əsasən, müasir Laçın rayonunu əhatə edən feodal dövləti olmuşdur. Bu knyazlıq digər knyazlıqlar kimi müstəqil idarəetmə sisteminə malik idi, lakin ərəb istilasından sonra digərləri ilə birlikdə tənəzzülə uğramışdır. Bərdə knyazlığı isə Qafqaz Albaniyasında yerləşən önəmli siyasi və inzibati mərkəz olmuşdur. Bu dövrdə Bərdə ticarət, dini və mədəni mərkəz kimi ön plana çıxaraq, Cənubi Qafqazın ən böyük və zəngin şəhərlərindən birinə çevrilmişdir. Sözügedən knyazlıq ərəb xilafətinə tabe olsa da, yerli alban knyazlarının muxtariyyəti saxlanmışdır. IX əsrdən etibarən isə müxtəlif türk tayfalarının hücumuna məruz qalaraq, öz tarixi əhəmiyyətini itirmişdir.

Ümumiyyətlə, Qarabağ istər Qafqaz Albaniyası, istərsə də alban knyazlıqları dövründə coğrafi mövqeyinə görə fərqlənirdi. Xüsusən, dağlıq relyefi və təbii qalalarının mövcudluğu knyazlıqların xarici işğalçılara qarşı müdafiə olunmasını təmin edirdi. XII-XIII əsrlərdə Qarabağ ərazisindəki Xaçın knyazlığın müstəqilliyi şərti və imkanları son dərəcə məhdud olsa da, Mehranilər sülaləsinin sonuncu alban hökmdarı Həsən-Cəlalın dövrü ölkənin iqtisadi, siyasi və mədəni dirçəlişi ilə səciyyələnən “alban renessansı” adlandırılır. Bu tərəqqi özünü kənd təsərrüfatının və sənət növlərinin inkişafında, ticarət əlaqələrinin genişlənməsində və tikinti sahəsində göstərirdi. Lakin firəvanlıq dövrü uzun çəkmir. Çünki qüdrətli Qafqaz Albaniyasının kiçik kölgəsini xatırladan kiçik Xaçın knyazlığının monqolların istilasını dəf etmə ehtimalı sıfıra bərabər idi. Həsən-Cəlal həmin ərəfədə özünün və yaxınlarının həyatını Xaçın qalasına sığınaraq xilas edə bilərdi. Həmin qala ən şiddətli həmləyə tab gətirməyə qadir idi. Sonuncu alban hökmdarı 1222-ci ildə monqol sərkərdəsi Cucinin hüzuruna yollanaraq, Qarabağı dağıntılardan və asılılıqdan xilas etdi. Lakin Qarabağın digər əraziləri istiladan boyun qaçıra bilmədi və həyat əlamətləri zəiflədi. Həsən-Cəlalın uğurlu siyasəti Qarabağı sonrakı monqol yürüşlərindən də qorudu. Hətta onun knyazlığı dövründə Qızıl Orda xanı Batı xan Qarabağın yüksək mənsəbli himayədarına çevrilmişdi. Batı xanın ölümündən sonra Həsən-Cəlal öldürülərək, 1261-ci ildə Xaçın knyazlığının müstəqilliyinə son qoyuldu. Bununla da, Qarabağın min ildən çox tərkibində olduğu Albaniyanın hökmranlığı tamamilə bitir.

 

 

Əsədova Tünzalə